Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kəndində səyyar qəbul keçirib.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə rayonun Dəmirçi kəndində kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat sahibləri ilə səyyar qəbul keçirib. Görüşdə kənd sakinləri, fermerlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Səyyar qəbulun keçirilməsində əsas məqsəd kənd sakinlərinin müraciət və təkliflərini yerində dinləmək, onları narahat edən məsələlərin operativ şəkildə həllinə kömək göstərmək olub.
Görüş zamanı kənd təsərrüfatının mövcud vəziyyəti, suvarma sistemlərinin fəaliyyəti, əkin sahələrinin su təminatı və digər aktual məsələlər müzakirə edilib. Fermerlər öz təsərrüfatlarının inkişafı ilə bağlı təkliflərini səsləndirərək bəzi problemləri diqqətə çatdırıblar. Rayon rəhbəri tərəfindən qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qeyd olunub ki, cari ildə qış mövsümündə qar və yağış yağıntılarının bol olması su hövzələrində su ehtiyatlarının artmasına səbəb olub. Bu isə kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün xüsusilə əhəmiyyətlidir. Su ehtiyatlarının artması nəticəsində əkin sahələrinin suvarılması daha rahat həyata keçirilir və bu da məhsuldarlığın artırılması baxımından mühüm rol oynayır.
Səyyar qəbul zamanı kənd sakinləri ilə səmimi fikir mübadiləsi aparılıb, onların sosial və təsərrüfat fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı kənd təsərrüfatının inkişafının dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək fermerlərə yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.
Sonda kənd sakinləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər və bu cür görüşlərin onların problemlərinin həllinə müsbət təsir göstərdiyini vurğulayıblar.